Füruid-din
Füruid-din “dinin budaqları” yəni dinin əməli hökmləri deməkdir. Əgər Üsulüd-din ağacın kökləridirsə, Füruid-din həmin köklərdən çıxan budaqlardır. Yəni insan əvvəlcə Allahı, Onun ədalətini, peyğəmbərliyi, imaməti və axirəti qəbul edir, sonra bu inancını əməl və davranışları ilə həyatda göstərir. Füruid-dinin 10 əsas prinsipi aşağıdakılardır, amma İslamda əməli hökmlər daha çox mövzunu əhatə edir, burda yalnız ən öndəkilər qeyd olunur.
1. Namaz – Allahı yad etmək və Ona ibadət etmək üçün gündəlik yerinə yetirilən əsas ibadətdir. Namaz insanı mənəvi cəhətdən tərbiyə edir və pis əməllərdən uzaqlaşdırır. Namaz Allahın verdiyi nemətlərə görə bəndələrindən istədiyi təşəkkür simvoludur.
2. Oruc – Ramazan
ayında Allahın əmrinə itaət olaraq oruc tutmaqdır. Oruc insana səbir, iradə və təqva qazandırır. Insan bir ay müddətində sübh azanından axşam azanına qədər içməli və yeməlilərdən imtina etməklə həm öz dözümünü həm də Allaha imanın sədaqətini göstərir.
3. Xüms – Müəyyən hallarda insanın qazancından artıq qalan hissəsinin şəriətin
müəyyən etdiyi beşdə bir payın ayrılmasıdır. Xüms sosial yardım və dini məqsədlərlə əlaqəli maliyyədir.
4. Zəkat – Şəriətdə müəyyən edilmiş mal və sərvətlərdən müəyyən hissənin ehtiyacı olanlara və dini məqsədlərə ayrılmasıdır. Zəkat social məsuliyyət və iqtisadi ədalət anlayışını gücləndirəndir.
5. Həcc – İmkanı çatan müsəlmanın Məkkədə Kəbəni ziyarət etməsi və müəyyən ibadətləri yerinə yetirməsidir. Həcc müsəlmanların birlik və bərabərliyini göstərən böyük əməldir.
6. Cihad – Bu sözün əsl mənası Allah yolunda səy və mübarizə aparmaqdır. Buraya insanın öz nəfsi ilə mübarizəsi və haqqı müdafiə etmək kimi mənalar daxildir. Cihad iki növdür biri kiçik cihaddır, bu təcavüzkar, işğalçılardan vətənini, torpağını, dinini, namusunu və sair dəyərlərini müdafiə etmək savaşıdır. İkincisi böyük cihaddır bu ən çətin cihad sayılır, bu cihadda insan öz nəfsilə, haram istəkləriylə, günahlarıyla mübarizə aparır.
7. Yaxşılıqlara çağırmaq – Yaxşılığa, xeyirə və doğru davranışlara çağırmaqdır. İnsan yalnız özünün yaxşı olması ilə kifayətlənmir, cəmiyyətdə yaxşılığın yayılmasına da çalışır.
8. Pisliklərdən çəkindirmək – Pislikdən, zülmdən və yanlış əməllərdən çəkindirməkdir. Məqsəd insanları alçaltmaq deyil, cəmiyyətdə yaxşılığı qorumaq və pisliyin qarşısını almaqdır. Cəmiyyətdəki yayılan pis əməllər hər bir fərdə gec ya tez təsir edir, odurki bu halların qarşısını almaq zəruridir.
9. Təvəlla – Allahı, Peyğəmbəri, Əhli-beyti və haqq yolunda olanları sevmək, onlara bağlı olmaq və onların yolunu izləməkdir.
10. Təbərra – Allahın, Peyğəmbərin və Əhli-beytin, haqqın yoluna zidd olan zülm və batildən uzaq durmaqdır. Mənbələrində təvəlla və təbərra bir-birini tamamlayan iki prinsip kimi izah edilir.
Beləliklə, etiqad kök, əməl isə budaqdır. Kök insanın daxilindəki imandır; budaqlar isə həmin imanın gündəlik həyatda görünən nəticələridir. İslam alimlərinin verdiyi
ağac nümunəsində də məhz bu əlaqə vurğulanır.