Ümmü Gülsüm hakkında gerçekler ve yalanlar
İmam Əlinin qızı Ümmü Gülsüm haqqında tarixdə olanları çoxdandı bir yerə yazmaq istəyirdim, amma münasib bir vaxt tapa bilmirdim. Birdən yadıma düşdü ki, “Əyyami Fatimiyyə” ən münasib vaxdır, axı Ümmü Gülsümün məzlumiyyətinin Fatimənin məzlumiyyətiylə əlaqəsi var… Ümumiyyətlə Ümmü Gülsüm haqqında söz demək ona görə vacib olur ki, tarixən və bu gün onun haqqında danışılanlar, özündən çox Əli – Fatimə ailəsinə yönəlib. Onların və bütövlükdə məsumların məzlimiyyəti isə bu və digər qeyri-dəqiq məlumatları gündəm etməklə idiyə qədər davam edir. Bir müddət öncə İmam Həsən Müctəba, yaxud hər Məhərrəmlikdə İmam Hüseynlə bağlı olan söz-söhbətlər kimi. Elə Fatimeyi Zəhranın qəbrinin harada olmasının indiyə qədər tam bəlli olmaması qeyd etdiyimiz məzlumiyyətin bu günə qədər davam etməsi, onunla olan ədavətin yaşaması və yolunda fəda olduğu hədəfə hələ də tam çatılmaması deməkdir. Zamanında və tarix boyu ona da, atasına da, həyat yoldaşına da, övladlarına da zülm edildi, hətta ömrü boyu ictimai proseslərdən kənarda qalan kiçik qızı Ümmü Gülsümə də. Burda bu adı bizdə daha çox işlənən formada “Ümmü Gülsüm” kimi qeyd edəcəyəm, original ərəb variantında adı “Ümmü Külsüm” kimi qeyd olunur, rəvayətə görə onu Rəsuli Əkrəm özü belə adlandırıb. İxtilaflı mövzu onun kiminlə ailə qurmasıdır. Əslində məsələ onun həyat yolodaşının kim olması deyil, lap elə bu Xəlifə Ömər olsun, məsələ bu gərəksiz mövzunu gündəm edənlərin çirkin niyyətidir. Peyğəmbər üç qızını müşrikə ərə vermişdi, böyük qızı Rüqəyyəni Ütbə bin Əbu Ləhəb, ondan sonrakı qızı Ümmü Gülsümü Üteybə bin Əbu Ləhəb, sonrakı qızı Zeynəbi Əbül-As bin Rəbiy ilə evləndirmişdi, o birilər sonradan boşansa və yenidən ailə qursalar da Zeynəb qızı sona qədər Əbül-Asın xanımı olaraq qaldı və Əbül As çox sonralar İslamı qəbul etdi, bu izdivacın bir Əmamə adlı övladı da vardı. Sözüm odur ki, hətta Peyğəmbərin qızı ilə evlənmək belə heç kəsə iftixar gətirməz. Peyğəmbər anadan olandan əmisi Əbu Ləhəb onunla düşmənçilik edib, onun Hz.Muhəmmədlə İslamdan öncədən, Rəsulullah anadan olandan ədavəti başlayıb, özü və məlum həyat yoldaşı yeganı ailə olublar ki, Abdullah və Aminənin ailəsində dünyaya gələn bu uşağa sevinməyib, elə ilk gündən kin və küdurət bəsləyiblər, həmişə də Peyğəmbərlə münasibəti pis olub, istər nübüvvətdən öncə olsun ya sonra, buna baxmayaraq Peyğəmbər qızlarını onun oğullarıyla evləndirmişdi, düşmən olsalar da belə. Əgər bu izdivac iftixar olsaydı birinci növbədə bunlara olardı, ya evlənməklə düzəlsəydi elə bunlar düzələrdi. Elə həmin ərəfədə də Əbu Ləhəb və məşhur xanımı haqqında “Məsəd” surəsi nazil oldu, Peyğəmbərin iki qızının qaynatası haqqında onu ifşa edən surə gəldi. Əlbəttə sonradan Ütbə haqq yola gəldi, hətta Fatimənin evində Xəlifə Əbu Bəkrə beyət etməyənlərdən, İmam Əlini müdafiə edənlərdən oldu, amma bu çox-çox sonralar baş verdi. Birdəki məgər Xəlifə Ömər bin Xəttab elə vəziyyətdədirmi ki ona hörmət, fəzilət qail olmaq üşün mütləq Əli qızı Ümmü Gülsümlə evliliyi haqqında olan qeyri-dəqiq məlumatı gündəmə gətirib qabardırlar?! İmam Əlinin oğlanlarının adı, Əbu Bəkr, Ömər və Osman da olub, məgər bu o deməkdir ki, İmam Əli üç xəlifənin adlarını oğlullarına qoyub?! Bu nə yanaşma və nə düşüncədir, bu daha çox batan adamın saman çöpündən yapışmasına bənzəyir. Belə məsələlər xəlifələrə hörmət gətirməz, əksinə onlara olan ehtiramı azaldar. Bu faktın özü də əgər olubsa belə Xəlifə Ömərə bir fəzilət gətirməz. Dünyada yalnız Fatimeyi Zəhradır ki, onunla evlilik bir fəzilət idi, o Əli bin Əbu Talibə bir zinət oldu. O Fatimə ki Allah mələklərə Peyğəmbəri, Əlini, Həsən və Hüseyni onun adıyla tanıtdırır (“Hədis Kisa”). Əlbəttə elə belə Xanıma da yalnız Əli həyat yoldaşı olmağa layiq idi.
Ümmü Gülsüm bint Əli haqqında isə məlumat ümumiyyətlə az və ziddiyyətlidir, çünki yalnız həyatda iz buraxanlar tarixə düşür, o isə belələrindən deyildi, Əli və Fatimə ailəsinin digər övladlarına nisbətən adı ən az hallanan məhz Ümmi Gülsüm olub. Əslində Kərbəla qəhrəmanı Zeynəbi də tarix Kərbəla hadisəsindən, Aşuradan qiyama rəhbərlik etməsilə yaxından tanıyır, ona qədər o da Ümmü Gülsüm kimi adı az hallanırdı. Əsirlər karvanı Mədinəyə çatmaqla onun da ilahi missiyası bitir və haqqında yenə az qeyd olunur və hətta Kərbəladan sonrakı iki ilə yaxın həyatı haqqında da çox az məlumat var, hətta dəfn olunduğu yer də tam dəqiq bəlli deyil, Şam, Misir və Mədinədə Bəqi qəbristanlığında dəfn olunması ehtimalları var, Şam və Misir ehtimalı daha çoxdur, hər iki yerdə məqbərəsi var və sevənləri onu ziyarət edir.
Məşhur tarixə görə bu iki bacı iki qardaşa – öz əmilər Cəfər Təyyarın oğlanları ilə ailə qurublar, Zeynəb Əbdullahın, Ümmü Gülsüm isə Ovnun xanımı olur. Bəzi rəvayətlərə görə Ovn bin Cəfər Aşura günü şəhid olur, əlbəttə bəzi tarixi rəvayətlərə görə isə o, anabir qardaşı Muhəmmədlə hicri 17-ci ildə Şuştərin fəthində şəhid olub. Ondan sonra Ümmü Gülsümü İmam Əli öz evinə qaytarır, çünki cəmi 12 yaşı var idi və övladı da olmur, ömrünün sonuna qədər də ailə qurmur. Ümmü Gülsümün dünyadan getməsi isə Kərbəla hadisəsindən dörd ay sonra baş verir, yəni Xanım Zeynəbdən tez vəfat edir, ehtimal verilən məzarı Şamdadır, digər bir rəvayətə görə isə Mədinədə Bəqi qəbristanlığındadır. Bəzi tarixlərə görə isə o ümumiyyətlə Kərbəlada olmayıb, onun ölüm tarixi və qəbri bu rəvayətdə qeyd olunmur. Kərbəlada isə İmam Əlinin digər eyni adlı qızı və Müslüm bin Əqilin həyat yoldaşı olan Ümmü Gülsüm iştirak edib ki, ona “Ümmü Gülsüm Suğra” da deyilirdi, əsl adı isə Ruqəyyə olub. Fatimeyi Zəhranın qızı Ümmü Gülsüm isə məhz buna görə “Ümmü Gülsüm Kubra” kimi tanınır.
Ümmü Gülsüm ümumiyyətlə Xəlifə Ömərlə evlənə bilərdimi? Bəli, buna yaşı imkan verirdi, Xəlifə Ömər hicri 23-cı ildə dünyadan gedib, Ümmü Gülsüm isə 6-ci hicri ilində dünyaya gəlib, bunu da qeyd edək ki, bəzi əhli-beyt alimləri də bu izdivacın olduğunu bildirirlər. Əlbəttə bu alimlərin yazdığına görə, İmam Əli məcbur olaraq, qan düşməsin deyə əmisi Əbbasın vasitəçiliyi və zəmanətiylə Ümmü Gülsümü Ömərə bin Xəttaba verir, hətta mərhum Koleyni “Kafi”də İmam Sadiqdən hədis də gətirir: “Ümmü Gülsüm bizim (əhli-beytin) qəsb olunmuş qızıdır”. Əlbəttə hədisin sənədinin mötəbərliyi burda müzakirə etmirik. Bu Xəlifənin ömrünün sonları baş verir, Bin Xəttab Ümmü Gülsümlə evlilik etməsindən öncə vurulur, dünyadan gedir və o, dünyadan gedən kimi Hz. Əli Ümmü Gülsümü evinə gətirir, təbii ki, övladları da ola bilməzdi. Başqa rəvayətə görə isə Xəlifə Ömərlə Ümmü Gülsüm ailəsinin Zeyd və Ruqəyyə adlı övladları da olur, bəzi rəvayətə yalnız Zeyd adlı övladları olur. Bir rəvayətə görə Ömərdən sonra Ovnla o dünyadan köçəndən sonra onun qardaşı (Cəfər Təyyarın) oğlanlarından Məhəmmədlə evlənir. Hətta bəziləri yazıb ki, Məhəmməd də dünyadan köçəndən sonra Xanım Zeynəbin həyat yoldaşı olan Cəfər Təyyarın digər oğlu Əbdullahla da evlənir. Bu lap ağ yalandı, çünki Ümmü Gülsümün dünyadan getməsi ehtimal olunan tarixlərin ən geci Kərbəladan dörd ay sonra Şamda vəfat etməsidir ki, bu zaman hələ Xanım Zeynəb sağ idi və Əbdullah şəriətə görə ikinci bacıyla evlənə bilməzdi. Əgər Osman bin Əfvan Peyğəmbərin Əbu Ləhəbin oğullarından boşanan qızlarını aldısa bu biri dünyadan gedəndən sonra o birisini almaqla olub. Mövzumuzda isə qeyd etdiyim digər bir ağ yalan da var, məsələ burasındadır ki, tarixə görə Cəfəri Təyyarın iki oğlu Ovn və Məhəmməd eyni döyüşdə şəhid olublar. Bu tarix Ovn üçün ehtimal olsa da, Məhəmməd üçün dəqiq qeyd olunub. Onların hər ikisinin və daha çox yerdə Məhəmməd bin Cəfər Təyyarın 17-ci hicri ilində yəni Ömər bin Xəttabın ölümündən 6 il qabaq bir döyüşdə – Şuştərin fəthində şəhid olması yazılıb. Ümumiyyətlə Xanım Zeynəbin həyat yoldaşı Əbdullahdan başqa Cəfərin oğlanlarından digərlərinin həyatları haqqındakı məlumatlar qeyri-dəqiqdir. Digər tərəfdən ehtimal olunan Xələifə Omər və Ümmü Gülsüm ailəsinin qızı Rüqəyyənin də yalnız adı var, başqa heç bir məlumat yoxdur. Başqa tərəfdən oglanları Zeyd 49-cu hictri ilində Müaviyənin xilafəti zamanı Məkkə Mədinə arasında Bəni Ədiy qəbiləsinin ixtilafını yatırmaq və sülh yaratmaq məqsədiylə gedib və anasıyla birlikdə quldurlar tərəfindən qarət olub və öldürülüb, bu rəvayətdən qat-qat dəqiq rəvayət Ümmü Gülsümün 61-ci ildə Kərbəlada olmasıdır.
Rəvayətə görə görə onlara cənazə namazını – ikisinə bir cənazə namazı Əbdullah bin Ömər qılıb, İmam Həsən və İmam Hüseyn də iştirak edib. Heç vaxt ola bilməzdi ki, İmam Həsən və İmam Hüseyn sağ olduqları halda Əhli-beyt ailəsindən olan bacıları Ümmü Gülsümün namazını başqası qılsın, hətta keçmiş xəlifə Ömər bin Xəttabın oğlu belə olsa, deməli bu Əli qızı Ümmü Gülsüm deyildi. Bəzi alimlərin dediyinə görə bu Xəlifə Ömərin Übeydullah oğlunun anasının cənazə namazı olub, onun adı Ümmü Gülsüm bint Cərvəl idi. Ölüm tarixi dəqiq bəlli deyil. Übeydullah Siffeyndə öldürülmüşdü, anasının namazını Əbdullah qılması normaldı. Zeyd ora analığı Ümmü Gülsüm bint Cərvəllə gedib və məlum faciə baş verib.
Göründüyü kimi, Ümmü Gülsüm haqqında məlumatlar dəqiq deyil. Tarixi gerçək araşdıranlar üçün nə evlənməsi, nə övladları, nə ölümü, nə də qəbri haqqında məlumatlar yox səviyyəsindədir. Yalnız elm və savaddan uzaq adamlar qeyri-dəqiq məlumatları dəqiq xəbər kimi yayarlar.
İndi burda bir başqa mətləbə toxunuram, Ömərlə Ümmü Gülsümün izdivacının mehriyəsi rəvayətə görə 40 min dirhəm yazılıb, bir halda ki, heç bir Əhli-beyt nümayəndələrinin izdivacında qadının mehriyyəsi 500 dirhəmi – “mehrüs-sinə”ni keçməyib, istər qız alanda, istərsədə qız verənd, heç İmam Əli də buna imkan verməzdi, bu bir qayda olub. Hətta illər sonra Məmunun qızı Ümmü Fəzl ilə evlənən İmam Cavad da Məmunun təyin elədiyi yüksək mehriyyənin bundan artığına razı olmayıb və 500 dirhəmə razılaşdırıb, əks təqdirdə izdivacın baş tutmayacağını bildirib. Bu bir qayda olub ki, insanlar bunlara baxım öz mehriyyəsini tənzimləsinlər. Bundan əlavə Xəlifə Ömərin özü qadınların yüksək mehriyyəsinin əleyhinə idi və bunu qadağan edirdi, hətta yüksək mehriyyələri alıb beytul-mala qatacağını da dəfələrlə demişdi. İndi necə ola bilər özü bu qədər yüksək mehriyyəyə razı olsun.
Əsas məsələni isə, Şeyx Müfid yazır, bildirir ki, ümumiyyətlə Xəlifə Ömərin İmam Əlinin qızı Ümmü Gülsümlə olan evlilik rəvayətini, lap əvvəldən sona qədər, yəni Ümmü Gülsümün məscidə ya Ömərin evinə ilk dəfə görüb-bəyənməyə gəlməsi və bununla da Ömərin onu bəyənməsi və evlənmələrinə qədər olan hədisi Zübeyr bin Bəkar nəql edib, o Zübeyr bin Əvamın nəvələrindən və qatı Əhli-beyt düşmənlərindən olub, nasibi adlanıb, o adamın nəql etdiyi hədislərə etimad olunmur. O bununla mövzuya aid Koleyninin “Kafi”dəki, Tusinin “Təhzib”dəki hədislərinə də şübhə yaradır. Ümumiyyətlə nasibilərin heç bir hədisləri heç bir məzhəb tərəfindən qəbul edilmir, hətta böyük alim Qəzali “Ehyaul-ulum” əsərində bu mövzuya toxunub və misal oaraq Şöbi adlı tabeinin hədislərini nasibi olduğu üçün rədd edildiyi qeyd edir. Şeyx Mufid də bu fakta görə bu mövzuda olan hədisləri səhih saymır.
İndi baxın, bəzi əhli sünnə alimlərinin öz yazılarında Xəlifə Ömərlə Ümmü Gülsümün izdivacı haqqındakı rəvayətində “Ömər Ümmü Gülsümü ya məsciddə ya evində görəndə onun böyüyüb evlənməyə hazır olub – olmadığını bilmək üçün baldırına əl vurur, qızcığaz ona sərt cavab verir və hətta vurmaq istəyir” yazılır. Əgər bu rəvayət düzdürsə deməli ya Ümmü Gülsüm həddi buluğ deyildi və Ömər onunla evlənə bilməzdi və evlənmədi. Ya da həddi buluğ idi və müsəlmanların xəlifəsi Ömər bin Xəttab naməhrəmə əli ilə toxundu, günah elədi və hətta aşkarda günah elədi, çünki həmin rəvayətə görə orda başqaları da vardı. Əlbəttə bəzi alimlərin nəzərinə görə ümumiyyətlə bu hadisə olmayıb, yəni rəvayət zəifdi, bəzi alimlərin nəzərinə görə isə rəvayət Xəlifə Ömərin həmin qız uşağını görəndən sonra (baldırına əl vurandan sonra uşaq olduğunu görüb) evlənməkdən imtina etməsi yönündədir.
Hə indi eyni mövzuya aid yeni bir məsələyə diqqət edək, Xəlifə Əbu Bəkr bin Əbu Quhafənin həyat yoldaşlarından biri Həbibə bint Xaricə ilə izdivaci hicrətdən sonra baş tutub, amma övladları gec olur, cəmi bir qız övladları olur, onun da adı Ümmü Gülsümdür. Xəlifə Əbu Bəkr bin Quhafə dünyadan köçən il – 13 cü hicri ilində bu uşaq dünyaya gəlir, Xəlifə bu övladını görmür, bu qız da çox az yaşayır, təqribən 13-14 yaşında dünyadan gedir. O əsasən əvvəldə Ayişə xanımın nəzarətində olur, tez ərə verilir və iki bəzi rəvayətlərə görə isə bir dəfə evli olur. Onu həddi buluğa çatandan sonra əvvəl Peyğəmbər əshabı Təlhətəl-xeyrə, bəzi rəvayətlərə görə sonra Əbdür-rəhman bin Əbdullah Məhzuma ərə verilir, rəvayətə görə birindən ya hər ikisindən övladları var. Bəzi tarixə görə yalnız Təlhənin həyat yoldaşı olur, birgə iki övladları var. Evlənməsiylə bağlı tarix müxtəlifdir.
İndi söz burdadır ki, tarixdə dəqiq qeyd olunur ki, bu qız həddi buluğa çatan ərəfədə Xəlifə Ömər bin Xəttab Ayişəyə elçi düşərək bu qızla evlənmək istəyir, Ümmü Gülsüm adlı qız evlənmək məqsədi ilə məsciddə ya Xəlifənin evində görüb – bəyənmə baş verir. Bu hadisədə kiçik qız Ümmü Gülsümün Xəlifəyə acı cavab verməsi faktı da var. Çünki Ayişə xanım elçilik ərəfəsində Xəlifə Ömərə bildirir ki, qızla özün razılaş. Qız isə özü razı olmur və Xəlifənin kobud və acı dil olduğunu bildirir, hətta Ayişə xanım onu “Xəlifə xanımı olacaqsan” deyə həvəsləndirsə də, o etiraz edir. Bir rəvayətə görə sonda ilk olaraq Ömər bin Xəttabla, o dünyasını dəyişədən sonra Təlhəyə ərə gedir, Xəlifədən övladı olmur. Bu rəvayət sünnə və hətta sələfi kitablarında da gəlib, eyni hadisəni İmam Əlinin qızı Ümmü Gülsüm haqqında da nəql edirlər. Görünən odur ki, tarixdə bilərəkdən və ya bilməyərəkdən Ümmü Gülsün bint Əli ilə məhz bu qızın yəni Ümmü Gülsüm bint Əbu Bəkr səhv salınır, çünki eyni hadisə ikisinində adına yazılıb. Əgər bu hadisə olubsa bu Ümmü Gülsüm bint Əbu Bəkr haqqındadır. Çünki əhvalat təqribən 20-21-ci hicri ilində baş verib, Əlinin qızı Ümmü Gülsümün o zaman təqribən 15-16 yaşı var idi, hicaz qadınlarının tez raşidə olması və böyüməsini nəzərə alsaq bu hadisə əgər olubsa bu İmam Əlinin qızı deyil, çünki, o zaman artıq onun böyüyüb-böyümədiyi müzakirə mövzusu deyildi, o artıq böyümüşdü, Ümmü Gülsüm bint Əbu Bəkr isə o illərdə təqribən 8-9 yaşı var idi. Onun raşidə olub olmamasını, yəni ərə getmək üçün böyüyüb-böyüməməsini öyrənə bilərdilər. Ümumiyyətlə nə qədər yanlış olsa da bu cür qız bəyənmə müsəlmanlar arasında olub, əlbəttə mən inanmıram ki, Xəlifə Ömər bu üsuldan istifadə edə.
İndi isə diqqət edək, yuxarıda qeyd etdiyim kimi, Xəlifə Ömərin Übeydullah oğlunun anasının adı da Ümmü Gülsüm bint Cərvəl olub. Xəlifə Əbu Bəkrin qızı Ümmü Gülsüm üçün də ən azı Ayişə xanıma elçi düşmüşdü, bəzi rəvayətə görə də ömrünün sonlarında evlənmişdilər. Əgər İmam Əlinin qızı Ümmü Gülsümü də bura əlavə eləsək və hələ bəzi xəbərlərdə Ümmü Gülsüm bint Asim adlı xanımının oduğu da qeyd olunur, onu da nəzərə alsaq, nə alınar?! Belə çıxır ki, Xəlifə məhz “Ümmü Gülsüm” adına bağlı olub və bu adda qızla evlənmək istəyib?! Əlbəttə mən bunu qəbul eləmirəm, sadəcə əgər dəqiq və qeyri-dəqiq xəbərlərə bir-birindən ayırmadan inansaq belə alınır. Bir insanın eyni adda neçə evləndiyi ya elçi göndərdiyi qadın olar ki?! Demək belə olmayıb və Əli qızı Ümmü Gülsümlə evliliyini qabardanlar Əli və Fatiməyə hücum etmək istəsələr də Xəlifə Ömərin ehtiramına kölgə salırlar. Xəlifə Ömər və bu üç ya hətta dörd Ümmü Gülsümün əhvalatında ən zəif rəvayətlər Ümmü Gülsüm bint Əli ilə bağlıdır, buna görə də əhli-beyt alimləri bunu inkar edirlər. Fatimənin qapısının yandırılması faktını – yüzfaizlik dəlilləri inkar edənlər, zəif rəvayətləri gündəm edərək Fatiməni bir daha məzlum etmək istəyirlər. Əslində bu elə yanan qapının davamıdır, imamət qapısını yandıranların davamçıları, o boyda faktı inkar edib, olmayan bir mövzunu qabartmaqla zülmlərini davam etdirirlər.
İndi isə Türkiyəli müasir ilahiyyatçılardan birinin Türk mətbuatında gedən geniş elmi araşdırmasını xülasə ilə qeyd edirəm, mövzu ilə bağlı bir neçə il qabaq məqaləsini oxumuşdum, bu da bir araşdırmadan gəlinən qənaətdir, o yazır ki, Əbu Bəkr dünyadan köçəndən sonra onun xanımı Əsma bint Ümeys İmam Əli ilə evlənir. Onun iki oğlu var idi, birisi birinci əri Cəfər bin Əbu Talibdən olan oğlu, sonradan Xanım Zeynəbin həyat yoldaşı olacaq Əbdullah bin Cəfər, digəri ondan kiçik olan Muhəmməd bin Əbu Bəkr. Həmin alim deyir ki, Əbu Bəkrin qızı Ümmü Gülsümü Əbu Bəkrin xanımı – həmin bu Əsma övladlığa götürür və özü ilə birgə Əlinin evnə aparır. Onun öz anası Həbibə bint Xaricə haqqında heç bir məlumat yoxdur, ixtiyarı körpəlikdən Ayişə xanımda, daha sonra yəni Əsma və Əli ailə qurduqdan sonra İmam Əlidə olur, o baxımdan Ayişə xanım Xəlifə Ömərin elçiliyinə cavab olaraq onu qızın özünə müraciət etməyə yönəldir, çünki qız artıq onunla deyildi, qız onunla olsaydı, özü hamisi kimi onu ərə verərdi. İmam Əli Əbu Bəkrin iki övladına atalıq edir, biri Əsmadan olan Muhəmməd, digəri Həbibə bint Xaricənin körpəsi Ümmü Gülsüm. Qız Əlinin ailəsində böyüyür. Xəlifə Ömər isə Peyğəmbər Əhli-beytinin fəzilətini yaxşı bilirdi və həmişə Əhli-beytlə qohum olmaq, bununlada onlardan biri olmaq istəyirdi və bunu israr, təkid və aşkar şəkildə Əli bin Əbu Talibə deyirdi. İmam Əli bundan hər dəfə boyun qaçırırdı. Həmin alimin nəzərinə əsasən İmam Əli Xəlifə Ömərin təkidlərinin cavabında Ümmü Gülsüm bint Əbu Bəkrində onun qızı kimi olduğunu bildirir və məsciddə ya evdə Xəlifə Ömər o qızı görür və qız ona sərt cavab verib, etiraz edir. Xəlifə isə həmin qızı bəyənir və evlənir.
İndi əsl söz budur ki, bütün bu yarımçıq və qeyri qəqiq Xəlifə Ömər və Ümmü Gülsüm evliliyi xəbərləri bir-birinə qarışdırılıb tarixi yanlışlıqa yol verilib. Hətta bəzi əhli-beyt alimləri də bu məsələnin dəqiq xırdalıqlarına varmayıblar, çünki məsələni əhəmiyyətli bilməyiblər. Ümmü Gülsüm isə tarixin elə də parlaq və iz buraxan siması olmayıb ki, onun həyatını araşdırsınlar, əhli-beytə qərəzli olanlarsa sonradan bundan istifadə ediblər.
Əsas məsələ budur ki, bu qarışıq və ixtilaflı məsələni dəqiq hadisə kimi yaymaq və Ömər bin Xəttabın İmam Əlinin qızı ilə evlənməsini təbliğ etmək, həmin o əvvəldə dedyim Fatimənin məzlumiyyətnin davamıdır. Axı qeyri-dəqiq xəbərləri şişirdib yaymağın başqa nə mənası ola bilər?! Təbii ki, bunların məqsədi Fatimeyi Zəhranın haqq yolunu, İmam Əlinin xilafət və imamətini gözdən salmaqdır və illa qeyri dəqiq və bir neçə versiya ilə tarixə düşən xəbəri şişirdib və bəzən də istehza ilə cahilanə şəkildə yaymaq mənasızdır. Əslində bu mövzü heç gündəmə gətiriləsi mövzu deyil, istənilən halda bu məsələylə Xəlifə Öməri ucaltmaq, Əhli-beyti aşağılamaq mümkün deyil, bu yalnız yanlışda olanların hələ də öz yanlışlarına davam etməsini göstərir. İmam Əli qızını Ömər bin Xəttaba ərə verməsiylə isə heç nə dəyişmir, Peyğəmbər qızlarını Əbu Ləhəbin oğullarına verdiyi kimi.
Bunu da qeyd edim ki,, “Ümmü Gülsüm” adı o zamanın ən çox yayılmış qadın adlarından biri olub, demək olar ki, hər evdə bir Ümmü Gülsüm olub. Onları səhv salmamaq üçün adlarına bir kiçik adda əlavə edirdilər, məsələn qeyd etdiyim kimi, İmam Əlinin qızına Ümmü Gülsüm Kubra (çünki Əlinin digər eyni adlı qızından böyük idi) və Zeynəbi Suğra deyirdilər, çünki o da atasına zinət övlad idi, amma Zeynəbdən kiçik, siqt olan Möhsindən dörd yaş böyük idi. Bu dəqiq məlumatlar uşaq vaxtlara aiddir və Əli-Fatimə ailəsi həyatı fonunda tarixə düşüb. Tarixdə dəqiq faktlardan biri də İmam Əli şəhadətindən üç gün əvvəldən Kufədə Ümmü Gülsümün evində obaşdanlıq edib, məscidə getməsidir ki, nəhayətdə 3-cü gün zərbətlənir. Əslində böyük ehtimal ki, o elə Əlinin Kufədəki evi idi, Ümmü Gülsüm də onunla qalırdı, sadəcə obaşdanlıq süfrəsini o hazırladığı üçün “Ümmü Gülsümün evi” deyə İmam Əlinin şəhadət əhvalatında adı hallanır. Burda da İmam Əliyə görə dəqiq tarixə düşüb.
Bu mövzuya aid hər nə oxudum və hər nə məlumat əldə edə bildimsə hamısını çox xülasə olaraq bura yazdım. Bu qeyd olunanlar, müxtəlif kitablarda qeyd olunub, bu kitabların sayı çox olduğundan burda adlarını çəkmədim, çünki həcm həddən artıq çox olacaqdı. Çox təəssüf ki, bu məlumatların hamısı bir kitabda qeyd olunmayıb, mövzunun aktuallığını nəzərə alıb Ümmü Gülsüm haqqında ayrıca kitab yazıla bilər, məncə hələ belə bir kitab yoxdur. Burdakı məlumatları kitablardan, birbaşa ustadlardan, elmi məqalələrdən, bəzilərini hətta internet səhifələrindən öyrənmək olar. Yəni yeni söz deməmişəm, sadəcə olan məlumatları çox qısa şəkildə bir yerə toplamışam, bunu hər kəs edə bilər, lap elə Ümmü Gülsüm haqqında qeyri-dəqiq məlumat yayanlar da azacıq zəhmət çəkməklə bu gerçəkləri tapa bilərlər, əlbəttə əgər istəsələr.
Sonda Fatimeyi Zəhranın ömrünün axır günlərində İmam Əliyə etdiyi vəsiyyətinin son cümləsini qeyd etmək istəyirəm. Xanım vəsiyyətin sonunda kiçik qızı dörd yaşlı Ümmü Gülsümü bağrına basır, saçlarını sığallayır və yatağının kənarında oturan İmam Əliyə deyir: “Sonda Ümmü Gülsüm həddi buluğa çatar, o ailə quranda mənim bütün əşyalarımı ona cehiz verərsən”. Bir rəvayətə görə vəsiyyəti edəndə otaqda yalnız Əli, Fatimə və Ümmü Gülsüm olub, bu sözlərlə də vəsiyyəti bitir. İndi isə görünən odur ki, Ümmü Gülsüm təkcə anası Fatimənin cehizini özüylə aparmadı, o həm də onun məzlumiyyətinə şərik oldu.
Namiq Babaxanov
Bakı – 2023
