Bəşər tarixinin dini kökləri (Tarixi-fəlsəfi analiz)
Tarixin ən düşündürücü cəhətlərindən biri elmi tarix anlayışı ilə dini tarix təsəvvürünün çox vaxt üst-üstə düşməməsidir. Elmi tarixçilikdə dini tarixə ya ümumiyyətlə yer verilmir, ya da kənara qoyularaq marjinallaşdırılır. Bunun nəticəsində dini tarix, mahiyyət etibarilə, real tarixi həqiqətin bir hissəsi kimi qəbul edilmir. Halbuki dini tarixi kənara qoymaq doğru deyil.
Burada “dini tarix” ifadəsi ilə, insanın yaranışı, ibtidai insanların formalaşması və ilk insan cəmiyyətlərinin təşəkkülü kimi mövzular nəzərdə tutulur. Məlumdur ki, səmavi dinlərdə tarixi hadisələrə, peyğəmbərlərin təlimlərində və müqəddəs kitablarda ibrət almaq məqsədilə yer verilir. Lakin burada ən mühüm məqam həmin tarixi bilgilərin ilahi vəhyə əsaslanmasıdır. Buna görə də dini tarixi kənara çəkmək olmaz.
Elmin bu günə qədər qəbul edilmiş əsas dörd mənbəyi mövcuddur: 1. Ağıl, 2.Təcrübə, 3. Duyğu, 4.Vəhy. Bu dörd mənbədən hər biri özünəməxsus şəkildə həqiqətin idrakında rol oynayır və bunlardan birinin tamamilə inkarı elmi yanaşmada boşluğa səbəb olur.
Bu dörd əsas mənbədən — ağıl, təcrübə, duyğu və vəhydən — vəhyin də elm mənbələrindən biri kimi qəbul olunması dünyada geniş yayılmış fikirdir; hərçənd bunu qəbul etməyən yanaşmalar da mövcuddur. Əgər nəzərə alsaq ki, dinlərdə təqdim olunan tarix — xüsusilə yaranış və ilk insanla bağlı məlumatlar — məhz vəhyə əsaslanır, onda bu tarixi tamamilə görməzlikdən gəlmək sağlam düşüncə sahibləri üçün ciddi bir nöqsan sayılmalıdır.
Bununla yanaşı, bu həqiqəti də unutmaq olmaz ki, müasir elmlərin böyük qismi ehtimal və güman üzərində qurulan nəzəri sistemlərdir. Bir çox elmi nəticələr dəyişən modellər, yeni kəşflər və ehtimalların yenidən qiymətləndirilməsi əsasında formalaşır. Belə bir şəraitdə vəhy kimi mötəbər, özünəməxsus epistemoloji dayağı olan bir mənbənin nəzərə alınmaması, əksinə, elmin tamlığına xələl gətirə bilər.
Bu baxımdan, tarixi idrakda vəhyin təqdim etdiyi məlumatların nəzərə alınması təkcə dini baxımdan deyil, həm də ümumi idrak fəlsəfəsi baxımından əhəmiyyətlidir.
Bu məntiqdən çıxış etsək, əslində, tarix haqqında ən mötəbər bilgi mənbəyi kimi vəhyə əsaslanan tarixi götürmək və digər tarix təsəvvürlərini onunla müqayisə və uyğunlaşdırma predmetinə çevirmək daha düzgün görünür. Çünki mötəbərlik baxımından vəhyin epistemoloji dayağı daha güclüdür; digər tarix modelləri isə, qeyd etdiyimiz kimi, ehtimal və güman üzərində qurulan nəzəri konstruksiyalardır.
Lakin müşahidə edirik ki, ehtimal və nəzəri modellər əsasında formalaşan müasir elmlər yalnız öz metodları ilə sübut edə bildiklərini “elm” adı ilə qəbul edir və vəhyi, heç olmasa ehtimal kimi belə, nəzərdən keçirməyə meylli deyillər. Bu yanaşma nəticəsində dini tarix çox vaxt dastan və ya mifoloji rəvayət kimi təqdim olunur.
Halbuki dini tarixə insafla, yəni qərəzsiz və metodoloji ədalətlə yanaşılsa, onun müasir elmin ortaya qoyduğu bir çox məlumatlarla ciddi ölçüdə uyğunluq təşkil etdiyi görünər. Vəhyin təqdim etdiyi tarixi model, əslində, müasir tarixşünaslıqla qarşılaşdırılmağa dəyəcək qədər güclü və ciddi bir epistemoloji baza təqdim edir.
Konkret misallarla danışaq. Dini mənbələrə görə, Adəm ilk insan, ilk peyğəmbər və hazırkı insan nəslinin başlanğıcıdır. Allah Adəmi, sonra isə Həvvanı palçıqdan yaratdı və bu gün yaşayan bütün insanlar onların törəmələridir. Bu gün elmdə də sübut olunur ki, insanın tərkibində torpaqla əlaqəli kimyəvi elementlər mövcuddur. İnsanın bədənində kalsium, fosfor, kalium, dəmir, maqnezium kimi elementlər var; torpaq da məhz kalsium, fosfor, kalium, dəmir və maqnezium kimi minerallardan ibarətdir.
Daha sonra Adəm peyğəmbər həyat yoldaşı Həvva ilə birlikdə bu dünyada, dini mənbələrə görə, Mesopotamiya bölgəsində yaşamağa başlayıb, onların nəsli artıb. Bu mərhələdə hələ din, yəni şəriət qanunları yox idi. Lakin buna baxmayaraq insanlar təkcə ağıl və təcrübə ilə deyil, peyğəmbərlərə verilən ilahi elm əsasında da yaşayırdılar. Bu, Adəmdən Nuhadək olan peyğəmbərlərə verilən elmdir; vəhy idi, amma şəriət deyildi. İnsanlar dünya həyatını həm ağıl və təcrübə, həm də ilahi vəhyin verdiyi biliklərlə idarə edirdilər. Dini mənbələrə görə, Adəm və onun nəsli heyvanlar bəsləyir, əkinçiliklə məşğul olur və beləcə insan nəslinin artımı davam edirdi.
Dini mənbələrdə Adəmdən əvvəlki insanvarlıqlar inkar edilmir, hətta mövcud olduqları qəbul edilir. Dinə görə, hər insan nəslinin bir əvvəli və bir sonu olub; Big Bang-dən sonra dünya üzərində neçə-neçə insan nəsli yaşamış və onların qalıqları da yeni nəsillərə qədər qala bilər. Hər nəsil bir neçə min il mövcud olub; məsələn, Adəm övladlarının nəslinin ömrü də Adəmdən Qiyamət gününə qədərdir.
Bax, bunlar İslam və digər dini mənbələrdə ilk insan barədə verilən məlumatlardır. Sual budur: bu tarixi elmi tarixin və qədim dünya tarixinin harasında yerləşdirmək olar? Yəni bu hadisələr hansı dövrə aid ola bilər?
Elmi tarixə nəzər salsaq, görərik ki, Neolit dövründə, təxminən eramızdan əvvəl 10.000-ci illərdə, Kənd Təsərrüfatı İnqilabı baş vermişdir. Bu dövrdə insanlar heyvanları əhliləşdirməyi, bitkiləri becərməyi və onlardan məqsədli şəkildə istifadə etməyi öyrənmişlər. Maraqlıdır ki, bu tarixi mərhələ, dini mənbələrdə təsvir olunan Adəm nəslinin ilk dövrlərinə çox uyğun gəlir. Bəs, niyə müasir elmi kitablarda bu uyğunluq potensial bir ehtimal kimi qeyd olunmasın? Axı, tarix elminin özü də müəyyən dərəcədə ehtimal və şərhlər əsasında qurulmuş bir hekayələr toplusudur. Doğrudur, arxeoloji qazıntılar və digər tarixi faktlar mövcuddur, lakin onların şərhi və təhlili də müəyyən ehtimal və interpretasiyalar çərçivəsində aparılır və nəticədə tarixçilər tərəfindən bir hekayə formalaşdırılır. Nə üçün Kənd Təsərrüfatı İnqilabı ilə Adəm arasındakı ola biləcək əlaqənin də mümkün bir ehtimal kimi müzakirəsi qəbul edilməsin?
Qurani-Kərimin “Allah Adəmə bütün adları öyrətdi” (Bəqərə, 31) ayəsi, nomenoloji (adların mənası və mahiyyəti) bir bilik modelinə işarə edir. Bu, təkcə dil öyrətməkdən ibarət deyil, həm maddi, həm də mənəvi kainatın quruluşunu anlamaq, onun strukturunu idrak etmək mənasını daşıyır. Buna görə də, Adəm təkcə ilk insan deyil, həm də kainatın təbii qaydalarını, maddənin və canlıların yaradılış məqsədini, torpaq, bitki, hava və su kimi ekosistem əsaslarını bilən bir ilk peyğəmbər kimi təqdim olunur.
Beləliklə, əgər Adəm və onun nəsli ilahi vəhy vasitəsilə belə bir bilik sisteminə sahib idilərsə, o zaman onların həyata keçirdiyi əkinçilik (təbii zərurətdən deyil, bilikdən irəli gələn), heyvanları əhliləşdirmə (vəhyin öyrətdiyi üsulla) və əmək bölgüsü (ilahi nizamın sosial həyata tətbiqi) kimi fəaliyyətlər təsadüfi deyil, bilavasitə ilahi təlimin yer üzündə tətbiqi idi. Bu perspektivdən baxdıqda, elmi tarixdəki “Kənd Təsərrüfatı İnqilabı” hadisəsini “ilahi bir mədəniyyətin təzahürü” kimi oxumaq tamamilə mümkündür. Bu yanaşma, zaman uyğunluğu və tarixi simmetriya baxımından da əsaslı bir ictimai təklif kimi qarşımızda durur.
Burada tarixi sinxronluğa bir daha nəzər salaq. Elmi tarixə görə Neolit dövrü təqribən e.ə. 10.000-ci illərdə başlayır. İslam tarixçiləri – məsələn, Təbrizi və Süyuti – Adəmin həyat dövrünü də təxminən e.ə. 10 minilliklərə aid edirlər. Bu zaman kəsişməsi təsadüfi yox, məna daşıyan bir uyğunluq ola bilər. Bu, vəhyin yer üzündə “təbii tarix”ə çevrilməsinin mərhələsini göstərir; yəni vəhy elm və texnologiyanın ilkin forması kimi təzahür edir. Bu iki tarixin üst-üstə düşməsi sadəcə təsadüf deyil, mahiyyətcə əlaqəli bir uyğunlaşma ola biləcəyini göstərir.
Kənd Təsərrüfatı İnqilabı da, dini baxışdan, ilk insan və peyğəmbər olan Adəmə verilən ilahi biliklərin onun nəsli tərəfindən tədricən həyata keçirilməsi və praktikaya çevrilməsinin nəticəsi kimi anlaşılır. Bu, sivilizasiyanın kor-təsadüf yox, şüurlu şəkildə qavranmış və icra edilmiş bir proses kimi başlanmasını izah edir. Beləliklə, elmi tarixlə dini tarix ziddiyyət yaratmır; hər ikisi eyni hadisəni fərqli səviyyələrdə izah edir. Elm “necə baş verdiyini” (texnologiya, arxeologiya) öyrənir, din isə “niyə və hansı ilkin mənbədən başladığını” açıqlayır. Bu yanaşma həm dini antropologiya, həm də ilahi tarix fəlsəfəsi baxımından son dərəcə maraqlı bir sintez yaradır və “Kənd Təsərrüfatı İnqilabı”nın ilahi köklərinin ola biləcəyini göstərir.
Nəticə olaraq demək olar ki, bu yeni bir tarixi paradiqmadır: Adəm dövrü — “ilahi idrakın təbiətə endiyi” mərhələ kimi anlaşılır. Molla Sədranın “hərəkət-cəvhəri” nəzəriyyəsinin dili ilə desək, varlıq bu mərhələdə ilahi biliklə formalaşmağa başlamışdır. Adəm isə təbiətin içində şüurlu şəkildə yaradılmış “xəlifə”dir.
Quranda 25 peyğəmbərin adı çəkilir və bunlardan Adəm ilk peyğəmbər və ilk insandır. Quranda Adəmdən sonrakı peyğəmbər kimi İdris, ondan sonra isə Nuh qeyd olunur. Nuh beş böyük, yəni şəriət gətirən peyğəmbərlərin birincisidir. Ondan sonra Quranda Hud, daha sonra isə Saleh peyğəmbərlər zikr olunur. Daha sonra ikinci böyük peyğəmbər və şəriət sahibi olan İbrahim peyğəmbər gəlir.
Əslində, elmi tarixlə dini tarixi uyğunlaşdırmaq zərurəti əsasən İbrahim peyğəmbərə qədərki dövrə aiddir. İbrahimə qədər olan mərhələlər elmi tarixlə sinxronlaşdırılsa, ondan sonrakı tarixi ardıcıllıq artıq kifayət qədər aydın və sabit mənbələrlə təsdiqlənmişdir. Çünki Babil və Asur dövrləri, habelə bu dövlətlərdə İbrahim peyğəmbərin yaşadığı mühit haqqında geniş tarixi məlumatlar mövcuddur. Deməli, əgər İbrahimə qədərki peyğəmbərlərin tarixini elmi tarixlə uyğunlaşdırmaq mümkün olsa, bu, böyük elmi-teoloji nailiyyət sayıla bilər.
Buradakı əsas məsələ odur ki, hədislərdə ümumi sayı 124.000 olaraq bildirilsə də, Quranda yalnız 25 peyğəmbərin adının çəkilməsi təsadüfi deyil. Bu peyğəmbərlər bəşər tarixində xüsusi rol oynamış, Tanrı kəlamını insan həyatında reallaşdırmış və bəşər tarixinin dönüş nöqtələrində təsir göstərmiş şəxsiyyətlərdir. Onsuz da insan tarixinin bütün mərhələlərində din mövcud olub və mühüm faktor kimi çıxış edib. Dinə görə, bəşərin bütün həyati və inkişaf mərhələləri vəhyə əsaslanıb və peyğəmbərlər də həmin mərhələləri insanlara çatdırmaq üçün göndəriliblər. Bu səbəbdən həmin peyğəmbərlər tarixdə — xüsusilə Quran tarixində — önəmli yer tutur və adları məhz buna görə çəkilir.
Quranda adı çəkilən ikinci peyğəmbər İdris peyğəmbərdir. Onun adı ən çox sənət və sənətkarlıqla əlaqələndirilir. Bilindiyi kimi, elm nə qədər inkişaf etsə də, sənətkarlıq insan həyatının ayrılmaz və zəruri sahəsi olaraq qalmışdır; tarixdə isə rolu daha da önəmlidir.
Elmi tarixə görə, eramızdan təqribən 7–8 min il əvvəl insanlar artıq qəsəbə və kənd şəraitində yaşamağa başlamışlar. Bu dövrdə Adəm peyğəmbərin nəslinin sayı artır, birgə həyat forması – qəsəbə və kənd icmaları – zəruri olur. Beləliklə, insanların əmək bölgüsü və ixtisaslaşmaya ehtiyacı yaranır. Məhz bu mərhələdə sənətkarlıqla məşğul olması ilə tanınan İdris peyğəmbərin dövrü başlayır. Heyvandarlıq və əkinçilikdən sonra insanlar üçün sənət, əl işləri və gündəlik həyat üçün zəruri istehsal sahələri lazım olur və Allah İdrisi bu istiqamətdə vəzifələndirir.
Məlumdur ki, Allah peyğəmbərlərini göndərildikləri dövrün ən üstün və ən aparıcı sahəsi ilə təchiz edir. Məsələn, Musanın zamanında sehr və cadu geniş yayılmışdı; Musa isə həmin sahədə möcüzələrlə onların fövqünə çıxırdı — əsası ilə Nil çayının yarılması və ya əsasının canlı varlığa çevrilməsi bunun nümunələridir. İsanın dövründə təbabətin inkişaf etməsinə baxmayaraq, anadangəlmə korluq və ölüm qarşısında acizlik var idi; İsa isə bu sahədə möcüzələr göstərirdi. Deməli, peyğəmbərin möcüzəsi dövrün ən güclü sahəsinin zirvəsini göstərirdi. Məsələn əgər bu gün aramızda peyğəmbər olsaydı, mütləq ki, o süni intellect və informasiya texnologiyaları sahəsində ən üstün zirvədə və möcüzəsi bu olardı. Muhəmməd peyğəmbərin zamanında da şeriyyat, ədəbiyyət cahillik dövrünün ən üstün sahəsi sayılırdı, İslam peyğəmbərinin möcüzəsi Qurani Kərim idi. Məsələ burasındadır ki hər dövrün ən üstün sahəsi o dövrün insanlarının həyatına və düzəninə təsir edir.
Bu analogiyanın fonunda İdrisin möcüzəsi sənətkarlıq sahəsində özünü göstərir. O, otlardan və heyvan tükündən toxuculuq, tikmə, geyim hazırlığı və icma həyatında zəruri olan müxtəlif sənət növlərində mahirliyi ilə tanınmışdır. Bu, həm onun şəxsi xüsusiyyəti, həm də peyğəmbərlik missiyasının bir istiqaməti və möcüzəsi kimi qiymətləndirilə bilər. Tarixi baxımdan da e.ə. 7–8 minilliklərdə İdrisin yaşaması haqqında ehtimal bu mərhələ ilə uyğunluq təşkil edir. Bundan əlavə, dini mənbələrdə qədim peyğəmbərlərin ömrünün 1–3 min il davam etməsinə işarələr mövcuddur ki, bu da zaman baxımından uyğunluğun mümkünlüyünü artırır.
İdris peyğəmbərin mərhələsi həm də ondan sonrakı mərhələ — ilk sivilizasiyanın başlanğıcı olan Şumer sivilizatsiyası, şəhər mədəniyyəti ilə səsləşir. Çünki yazının ilk nümunələri məhz Şumerlərə aid edilir və İdris peyğəmbər ənənəvi İslam mənbələrində yazı və xəttin banisi kimi qeyd olunur. Düzdür, Nuh peyğəmbər də Şumer dövrü ilə əlaqələndirilir, lakin yazı sənətinin ilk dəfə İdrisə aid edilməsi bu məsələdə onu daha yaxın göstərir. Əgər tarixi məlumatları nəzərə alsaq ki, dünyanın ən qədim yazı sistemi həqiqətən də Şumerlərə məxsusdur, o zaman Şumerlərin formalaşdığı dövrün İdrisin zamanı ilə səsləşməsi mümkündür və bu baxımdan İdris peyğəmbər ilk sivilizasiya mərhələsinə uyğun gələn fiqur kimi görünür.
Akkadlarda Nuh peyğəmbərin şəxsən özündən və Tufandan bəhs olunmasa da, Sam, Ham və Yafəsin adlarının həmin bölgənin ən qədim soy qatları ilə əlaqələndirilməsi məlumdur. Bu fakt, bəşər tarixinin ilk mərkəzləşmiş siyasi qurumu olan Akkad imperiyasının, böyük ehtimalla, Tufandan sonra sağ qalan Nuh nəslinin genişlənməsi ilə bağlı ola bilməsi ehtimalını gücləndirir. Üstəlik, dini mənbələrdə qeyd olunduğu kimi, ilk şəriət məhz Tufandan sonra Nuh peyğəmbərə və onun davamçılarına göndərilmişdir. Bu baxımdan, insanlığın ilk böyük dövlətinin məhz Nuh şəriətinin tətbiqi və vəhyin ardıcıllarının təşkilatlanması nəticəsində meydana çıxması ideyası tam məntiqlidir.
Nuhun gətirdiyi Tövhid dini və ilahi qanunların sonradan təhrif edilməsi, vəhyin insan həyatındakı təsirinin tamamilə itməsi anlamına gəlmir. Əksinə, Tufandan sonrakı dünyada insan nəsilləri artmış, müxtəlif bölgələrdə dövlətlər meydana çıxmış, təkcə Mesopotamiya deyil, həm Asiyada, həm də Afrikada böyük siyasi qurumlar formalaşmışdır. Bu dövr insanlığın tarixində yeni və genişmiqyaslı bir mərhələnin başlanğıcını təşkil edir.
Akkad dövləti qüdrətli bir imperiya olmaqla yanaşı, sonrakı dövrdə özünün tənəzzül yoluna qədəm qoymuşdur. Bu nöqtədə Quranda Hud və Saleh peyğəmbərlərin hekayələri ortaya çıxır. İlk böyük dövlətin süqutunu göstərmək üçün, bu peyğəmbərlərlə bağlı faciəli hadisələr — onların inkar olunması, təhqir edilməsi və müsibətlərlə üzləşməsi — ilahi ədalətin və tarixi qanunauyğunluğun simvolik ifadəsinə çevrilir. Bir dövlətin ən güclü zamanında özünün ən dəyərli, ən islahedici şəxslərinə qarşı zorakılıq etməsi, onun süqutunun başlanğıcı sayılır; bu, həm Quranın mesajında, həm də tarixi sosiologiyada təsdiqini tapır.
Beləliklə, Quranın ilk peyğəmbərlər haqqında ardıcıl danışması əslində bəşər tarixinin konseptual bir modelini təqdim edir: yaranış, inkişaf, qüdrət, tənəzzül və süqut. Bu model insan həyatının fani, axirət həyatının isə əsl olduğunu göstərmək məqsədi daşıyır. Quran tarixi xatırlatmaqla yalnız keçmişdən danışmır, həm də insanlığa ümumi qanunauyğunluqları göstərir. Bizim işimiz isə bu məlumatları sistemləşdirmək, hadisələri tarixi-fəlsəfi çərçivəyə yerləşdirməkdir.
Bu yanaşma, əslində, İbn Xəldunun məşhur Əsabiyyə nəzəriyyəsi ilə tam uyğunluq təşkil edir. İbn Xəldunun modeli dini tarixlə paralel oxunduqda belə ardıcıllıq yaranır:
- Yaranış və təşəkkül – Adəm peyğəmbərin dövrü.
- İnkişaf və formalaşma – İdris peyğəmbərin dövrü (sənətkarlıq, əmək bölgüsü, ilk icmalar).
- Zirvə və dövlətçilik – Nuh peyğəmbərin dövrü (ilk şəriət, ilk böyük dövlətlərin meydana gəlməsi).
- Tənəzzül və pozulma – Hud və Saleh dövrü (dəyərlərin aşınması, peyğəmbərlərin rədd edilməsi).
- Süqut və yenidən təşəkkül – bu mərhələdən sonra gələn böyük islahatçı, yəni İbrahim peyğəmbər.
Hər böyük, yəni şəriət gətirən peyğəmbərin insanlığın ən tənəzzül etdiyi bir zamanda göndərilməsi təsadüf deyil. Onlar bir dövrü bağlayır, yeni bir mərhələ açır və bəşərə ümid gətirirlər. Bu isə insan tarixinin, zahirən dünyəvi görünən proseslərinin belə, ilahi köklərlə sıx bağlı olduğunu göstərir.
Nəticə olaraq, dinin təqdim etdiyi tarix modelində çox dərin, düşünməyə vadar edən məqamlar mövcuddur. Müasir elmi tarix dini tarixi nəzərdən kənarda saxladıqca, əslində heç nə qazanmır; əksinə, bəşər tarixinin əsasını təşkil edən mənəvi, sosioloji və mədəni qatları itirir. Bu səbəbdən, tarix elminin metodoloji əsaslarının yenidən dəyərləndirilməsi vacib görünür.
Namiq Babaxanov
Bakı – 2025