Hədis tarixi dərsləri – 2

Namiq Babaxanov
 İkinci dərs

Hədisin Qurandan ayrılması və məzhəbçiliyin tarixi kökü

Çox təəssüflər olsun ki, bəziləri hədisi Qurandan ayırmaqla ciddi metodoloji yanlışlığa yol verilmişlər. Yuxarıda qeyd olunanlara əlavə olaraq, bu gün İslam məzhəblərinin çoxluğu ilə bağlı narahatlıq ifadə edənlərin əsas səhvlərindən biri də məhz buradan qaynaqlanır. Quranı hədisdən ayırmaq, yaxud “hədis” və “sünnə” anlayışlarını yalnız Peyğəmbərin söz və əməlləri ilə məhdudlaşdırmaq, bir dövr ərzində isə hədisin ümumiyyətlə yayılmasının qadağan olunması məzhəblərin yaranmasına zəmin yaratmışdır. Təxminən 300 il ərzində, İmam Mehdiyə qədər olan dövrdə, Peyğəmbər Əhli-beytinin sünnəsinin – yəni sözlərinin (hədis), əməllərinin (feli sünnə) və sükutla təsdiq etdiklərinin (təqrir) – bir çox hallarda qadağan edilməsi və ya görməməzlikdən gəlinməsi, İslam maarifindən uzaqlaşma ilə nəticələnmişdir, müsəlmanlar intellektual böhranla qarşılaşmışdır. Nəticədə isə, daxili ixtilaflar, fitnələr və müxtəlif məzhəblər ortaya çıxmışdır.

Bu vəziyyəti daha aydın göstərmək üçün tarixi bir müqayisə aparmaq yerinə düşər. Altıncı hicri ilində İslamı qəbul edən, bəzi mənbələrə görə cəmi 18, digərlərinə görə isə 21 ay Peyğəmbərin yanında olmuş, sonradan Bəhreynə köçərək Rəsulullahın vəfatından sonra Mədinəyə qayıdan Əbu Hüreyrədən “Kutubu sittə”də 5374 hədis rəvayət edildiyi halda, uşaqlıq illərindən etibarən Peyğəmbərin yanında böyüyən, onun tərbiyəsində yetişən, İslamı ilk qəbul edən, Peyğəmbərin sevimli qızının həyat yoldaşı, fəziləti danılmaz olan əmisi oğlu Hz. Əli bin Əbu Talibdən sadəcə 537 hədis rəvayət edənlər, bu sahədə yaranmış tarixi təhriflərin və yönəltmələrin nümunəsi hesab oluna bilər. Əhli-beyt maarifindən uzaq qalmaq, təbii olaraq, məzhəbçiliyə və ixtilafa gətirib çıxarmışdır.

Tarixi unudaraq hədisi tərk edənlər

Dinin ən önəmli prinsiplərindən biri olan Qədir-Xum hadisəsini və onun fundamental mesajını diqqətdən kənarda qoyanlar, tarixi unuddular, hədisi də tərk etdilər. Bu həmin şəxslərdir ki, Hz. Məhəmmədin ömrünün son günlərində yazılı şəkildə vəsiyyətini tərtib etmək çağırışına da qarşı çıxaraq, bu əmri yerinə yetirmədilər. Bu isə nəticə etibarilə İslam ümmətinin parçalanmasına və birgə ictimai və siyasi kimlik formalaşdıra bilməməsinə səbəb oldu.

Əslində məzhəbçilik və rəhbərlik məsələsindəki fikir ayrılıqları, Qədir-Xumda elan olunan ilahi göstərişlərin rədd edilməsindən sonra meydana gəldi, Peyğəmbərin vəfatından sonra müsəlman icması rəhbərliyin necə təyin olunması ilə bağlı vahid və qəti bir fikir birliyi formalaşdıra bilmədi. Məsələ ondadır ki, rəhbərlik ilahi təyinatla müəyyən olunmalı idi, yoxsa ümmətin səsi ilə? Yoxsa bu məsələ bir xəlifənin göstərişi ilə, yaxud bir şura tərəfindən, yaxud da sonralar Əməvi və Abbasilər dövründə olduğu kimi monarxik sistemləmi həyata keçirilməli idi? Bu sualların cavabı müsəlman cəmiyyətinin böyük bir qismi üçün bu gün də tam şəkildə aydın deyil.

Tarixi ardıcıllığa nəzər saldıqda, birinci raşidi xəlifə ümumi xalq tərəfindən seçildi. İkinci xəlifəni birinci yazılı təyini ilə təyin etdi. Üçüncü isə altı nəfərlik bir şura tərəfindən müəyyən edildi. Nəhayət, dördüncü raşidi xəlifə olan İmam Əli, müsəlmanlar tərəfindən seçilsə də, bu seçimi haqqının gecikmiş bir şəkildə özünə qaytarılması kimi dəyərləndirdi. Tarixi faktlara görə, Qədir-Xum hadisəsində İslam Peyğəmbəri tərəfindən ilahi göstəriş əsasında Hz. Əlıi canişin təyin olunmuşdu, lakin onun haqqı uzun illər əlindən alınmış, yalnız xilafətdə yaranan xaos və böhran şəraitində yenidən özünə qaytarılmışdı. Üçüncü xəlifə xalq üsyanı nəticəsində qətlə yetirilmiş və müsəlman cəmiyyəti rəhbərlik baxımından ciddi bir boşluqla üz-üzə qalmışdı. Bu çarəsizlik, müsəlmanları Hz. Muhəmmədin Qədir-Xumda elan etdiyi göstərişə qayıtmağa vadar etdi. İmam Əli, “Ruhbə” hadisəsində bu mövzunu açıq şəkildə izah edir.

Əhli-beyt məktəbi

Bütün bu tarixi və teoloji mübahisələr fonunda, ümmətə rəhbərlik məsələsində yeganə vahid və sistemli konsepsiya yalnız Əhli-Beyt məktəbində mövcuddur. Bu məktəbə görə, rəhbərlik ilahi təyinatla müəyyən olunmuş və İslam Peyğəmbəri tərəfindən açıq şəkildə bəyan edilmişdir. Əhli-Beyt maarifində qeyd olunur ki, İslamda rəhbərlik sistemi də digər səmavi dinlərdəki kimi 12 şəxsə əsaslanır: Yəhudilikdə 12 hakim, xristianlıqda 12 həvari olduğu kimi, İslamda da 12 imam mövcuddur.

Nəticə etibarilə, bir ümmət olmağı bacarmayan müsəlman cəmiyyətində Sünnə anlayışı da fərqli şəkildə dərk olunur. Bəzi məzhəblərə görə, sünnə yalnız Peyğəmbərin sözləri (hədisi), əməlləri (feli) və təsdiqləri (təqriri) ilə məhdudlaşır. Digər bir qisimə görə isə Sünnə, Əhli-Beytin – yəni Peyğəmbər başda olmaqla on dörd məsumun hamısının – bütün söz, əməl və təsdiqlərini əhatə edir. Bu yanaşmaya görə, məsum imamlar yalnız Quran və Peyğəmbərin sözlərinə əsaslanan hədislər nəql etmiş, digər hərəkət və təsdiqlərdə də bu mənbələrə sadiq qalmışdır. 

2-ci dərsin sualları

1. Hədisin Qurandan ayrılması İslam məzhəblərinin yaranmasına hansı şəkildə təsir göstərmişdir?

2. Əbu Hüreyrə və Hz. Əli arasındakı hədis rəvayət sayı fərqi hansı tarixi məqamı ortaya çıxarır?

3. Qədir-Xum hadisəsinin rədd edilməsi müsəlman cəmiyyətinin siyasi birliyinə necə təsir etmişdir?