Hədis tarixi dərsləri – 6

Namiq Babaxanov 

Altıncı dərs 

Peyğəmbər və imamlar dövründə yazılı hədis mətnləri

Peyğəmbər və imamların dövründə yazılı mənbələrin mövcudluğu məsələsi hədis tarixində ən az araşdırılan mövzulardan biridir. Besət dövründən — hətta risalətdən öncə — ərəb dilində müəyyən yazılı nümunələr mövcud idi. Bu mətnlər günümüzdə ərəbşünaslıqda qədim ərəb dili nümunələri kimi tədqiq olunur.

O dövrdə yazı mədəniyyəti tam formalaşmamışdı, biliklərin ötürülməsində əzbərləmə əsas vasitə hesab olunurdu. Bununla yanaşı, müxtəlif məlumatlar dəri, taxta, parça və digər materiallar üzərində yazılır və qorunurdu.

İslam Peyğəmbərinin dövründə, həmçinin sonrakı mərhələlərdə imamlar, səhabələr və tabiinlər tərəfindən müxtəlif yazılı mənbələr tərtib edilmişdir. Bu mövzunun dərindən öyrənilməsi, dini ədəbiyyatda işlənən əsl dörd yüz hədis başlıqlarıkimi ifadənin də mahiyyətini anlamağa kömək edəcək.

Ayələrin və hədislərin başlanğıcı

Ayələrin nazil olması və hədislərin meydana gəlməsi bilavasitə Peyğəmbər dövrü ilə bağlıdır. Hədis tarixi də, Quran tarixi kimi, Peyğəmbərin həyatı ilə eyni vaxtda başlamış və Onun buyurduqlarının qorunması məqsədi ilə formalaşmışdır.

Burada əsas məqam ondan ibarətdir ki, hədis mədəniyyəti yalnız şifahi rəvayət üzərində qurulmamış, eyni zamanda yazıya alınma prosesi də paralel şəkildə inkişaf etmişdir.

İlk yazılı hədis məcmuələri

İslam tarixində məlum olan ilk yazıya alınmış hədis məcmuələri bu şəxslərə aiddir: 1. Əli ibn Əbu Talib 2. Əbu Rafe (Peyğəmbərin səhabəsi)

Onların yazdıqları hədis mətnlərində yer alan sözlər İslam Peyğəmbərinə aid hədislərdir. Lakin aralarındakı fərq diqqətəlayiqdir: Peyğəmbər öz buyruqlarını şəxsən özü İmam Əliyə yazdırırdı. Bu mətnlərin böyük qismi fiqhi mövzulara aid idi, halal-haram, hüquqi və ibadi məsələlər və s.

Əbu Rafenin yazdıqları çox önəmlidir. Əbu Rafe oxumaq-yazmaq bacarığına malik idi. O, özü eşitdiyi fiqhi məzmunlu hədisləri öz təşəbbüsü ilə özü üçün eşidib yazıya alırdı. Məqsədi eşitdiklərini itirməmək və gələcək nəsillərə düzgün ötürmək idi.

Bu fakt göstərir ki, Fiqhi xarakterli hədislərin ilk yazıya alınan mətnlər olması təsadüfi deyildir. Çünki hüquqi və ibadi məsələlərdə dəqiqlik tələb olunurdu və bu sahədə səhv ehtimalı mümkün qədər minimuma endirilməli idi.

Yazının hədis elminə təsiri

Peyğəmbər və imamlar dövründən etibarən: 1. Hədis yalnız şifahi rəvayət deyil; 2. Eyni zamanda yazılı ənənə kimi də formalaşmağa başlamışdır.

Bu yazılı mətnlər, sonrakı əsrlərdə: Hədis kitablarının tərtibinə,  Fiqh məktəbinin formalaşmasına, Mətn tənqidinin əsaslarının yaranmasına ciddi təsir göstərmişdir.

6-cı dərsin sualları

  1. Besət dövründə yazı mədəniyyətinin xüsusiyyətləri nələr idi?
  2. Nə üçün İslamın ilk dövrlərində biliklərin əsas ötürülmə forması əzbərləmə idi?
  3. İlk yazıya alınmış hədis məcmuələri kimlərə məxsusdur və onların fərqi nədən ibarətdir?
  4. Nə üçün ilk yazıya alınan hədislərin əksəriyyəti fiqhi mövzulara aid idi?