Hədis tarixi dərsləri – 3

Namiq Babaxanov
Üçüncü dərs

Hz. Muhəmmədin və Quranın yazılması

İslam Peyğəmbəri Hz. Muhəmmədin oxuyub-yazmadığı məlumdur. Lakin bu, onun oxumağı və yazmağı ümumiyyətlə bilmədiyi mənasına gəlmir. Zahirən bu vəziyyət ömrü boyunca davam etmişdir. Quran nazil olmağa başladıqca, Peyğəmbər ayələri vəhy mələyi Cəbrayılın gətirdiyi formada bir neçə katibə yazdırırdı.

Başqa sözlə, ayələr necə nazil olurdusa, Hz. Muhəmməd də həmin ayələri təkrar edir və katiblər onları yazırdılar. Beləliklə, hər bir ayə Peyğəmbərin kəlamı ilə bizə çatır və əslində hər bir ayə hədis kimi də  qəbul oluna bilər.

Burada mühüm məqam var: Biz “Peyğəmbərə ayələrin mənası nazil olurdu, və o, onları öz sözləri ilə ifadə edirdi” iddiasından uzağıq. Ayələr necə nazil olurdusa, Peyğəmbər də həmin sözləri söyləyərək yazdırırdı. Vəhy yalnız Peyğəmbərə gəlirdi və o, bu ayələri başqalarına nəql edirdi. Sonradan isə məsumlar da Peyğəmbərin kəlamlarını olduğu kimi insanlara çatdırırdılar.

Bu məsələ, vəhyin necə gəldiyi kontekstində “insan və vəhy” mövzusuna aiddir və din fəlsəfəsi, eləcə də yeni kəlam elmində daha geniş şəkildə müzakirə olunur.

Hədis və Xəbər terminləri

Dini ədəbiyyatda hədis və xəbər terminləri tez-tez işlədilir. Bir çox alimlər bu iki termini eyni mənada istifadə edərək, hər ikisini Peyğəmbərin söylədiklərinə aid edirlər. Lakin bəzi alimlər bu iki termin arasında fərqlilik olduğunu vurğulayırlar:

Hədis: Ümumiyyətlə yalnız Peyğəmbərin sözlərinə aiddir. Yəni birbaşa onun dilindən çıxan kəlamları ifadə edir.

Xəbər: Daha geniş məzmunlu anlayışdır. Xəbər, Sünnənin bütün bölümlərini, tarixi hadisələri, Peyğəmbərin dövründə baş verənlər və onunla bağlı kəlamları əhatə edir. Yəni xəbər, Peyğəmbərin həyatına və İslam, Quran, Sünnə ilə əlaqəli məsələlərə aiddir Xəbərə ədəbiyyatda Əxbar da deyilir.

Beləliklə, hədis və xəbər hər ikisi Peyğəmbərin sünnəsini təşkil edən vacib komponentlərdir. Sünnə isə ümumiyyətlə Peyğəmbərin söylədiklərini, etdiklərini və təsdiqlərini əhatə edir.

Məsələn, Şeyx Müfidin “Əl-İrşad” adlı əsərində həm xəbər (və ya əxbar), həm də hədis elementləri birləşdirilmişdir. Bu əsərdə, məsumların (Allahın hüccətləri) tanıdılması məqsədilə həm tarixi, həm də dini məlumatlar təqdim olunur.

Qeyd etmək lazımdır ki, hər hədis bir xəbərdir, lakin hər xəbər mütləq hədis olmur. Yəni bütün hədislər xəbər xarakteri daşıyır, amma bütün xəbərlər hədis hesab edilə bilməz.

3.-cü dərsin sualları

1. Hz. Muhəmmədin oxuyub-yazmamasının mənası nədir və o, Quran ayələrini necə yazdırırdı?

2. Hədis və xəbər arasında hansı fərqlər mövcuddur?

3. Şeyx Müfidin “Əl-İrşad” əsərində hansı iki əsas element birləşdirilmişdir?