Hədis tarixi dərsləri – 5

Namiq Babaxanov
Beşinci dərc

Hədisin başlanğıcı

Hədis tarixi, əslində, Hz. Muhəmmədin peyğəmbərliyi ilə birgə başlamışdır. Bu başlanğıc nöqtəsi bütün müsəlmanlar tərəfindən qəbul edilmiş və mənbə kitablarında yer almış dəqiq faktlara əsaslanır. Tarixi məlumatlar həm klassik mənbələrdə, həm də müasir tədqiqatlarda aydın şəkildə göstərilmişdir.

Biz burada əlavə söz söyləmədən, yalnız qəbul olunmuş tarixi faktları qeyd edir və onları təhlil edəcəyik. Peyğəmbər özü yazıb-oxumurdu, Quranı və hədisləri isə katiblərə yazdırırdı. Bu işdə öncül rol oynayan katiblərdən biri və hətta birincisi Əli bin Əbu Talib idi.

Əli bin Əbu Talibin İslamda rolu

Hz. Əli İslamın ən əhəmiyyətli şəxsiyyətlərindən biri olaraq, Peyğəmbərin yanında çoxsaylı dini vəzifələr yerinə yetirmişdir: Vəhyin katibi; Hədislərin yazan; Quran tilavətinin ilk ravilərinin müəllimi; Quranın hərəkələnməsi və oxunuşu işində ustad; İslamı ilk qəbul edən şəxs; Bədr, Ühüd, Əhzab, Xeybər və digər döyüşlərin qəhrəmanı; Peyğəmbəri qüsl və kəfənləyən, həmçinin dəfn edən şəxs; Peyğəmbərin tək qızının həyat yoldaşı; “Təthir”, “Mübahilə”, “Təbliğ” və digər ayələrin ünvanı; “Mənzilət”, “Səqəleyn”, “Qədir-Xum” və digər hədislərin hədəfi; Hədislərin ən çox söyləyəni, müəllifi; Peyğəmbərin ölüm yatağında onun yerinə qalan şəxs və s. Bunlar onun İslam tarixindəki rolunu və əhəmiyyətini aydın şəkildə göstərir.

Qədir-Xum və Əlinin canişinliyi

Qədir-Xum hadisəsində ilahi göstərişə əsasən Hz. Əlinin Peyğəmbərdən sonrakı canişinliyi Hz. Muhəmməd tərəfindən rəsmən elan edilmişdir. Bu vəzifəyə Hz. Əlidən daha layiqli və fəzilətli şəxs tarixdə mövcud deyildi. İmam Əli bu mövzuda iki dəfə özünü geniş müdafiə etmişdir: 1. Şura hadisəsi: Xəlifə Ömərin yaratdığı şura zamanı; 2.Ruhbə hadisəsi: Hz. Əli xəlifə olduqdan sonra Kufə məscidində. Hər iki hadisəyə “Münaşidə” deyilir, yəni and verərək sualın cavabını tələb etmək mənasını daşıyır.

Söz budur ki, Hz. Əliyə qarşı haqsızlıq etməklə əslində hədisin qapısını bağlayırdılar. İmam Əli Peyğəmbərdən sonra hədisin ən parlaq simasıdır. Tarix boyu hədisləri inkar edənlər Əhli-beytin məqamını gizlətmək niyyəti güdüblər. Lakin anlamırdılar ki, Peyğəmbər və onun Əhli-beytinə haqsızlıq hədisin qapısını qapatmaq anlamına gəlirdi. Çünki, hədis İslamda Quranla paralel götürülən xəttdir. Odur ki, Əhli-beytin haqqını tapdalamaqla  hədislərin gizlədilməsi İslam maarifini yarımçıq qoymuş və firqələrə bölünməyə səbəb olmuşdur.

5-ci dərsin sualları

1. Hədisin başlanğıcı nə zaman və necə baş vermişdir?

2. Əli bin Əbu Talibin hədis və Quranın yazılmasında rolu nədən ibarət idi?

3. Tarixən hədisin qapısını necə qapatmağ istədilər?