Hədis tarixi dərsləri – 1

Namiq Babaxanov
Birinci dərs

Hədis və Sünnənin əsasları

Məlumdur ki, təkcə İslam dinində deyil, bütün səmavi dinlərdə hədisin — yəni Tanrı elçisi olan peyğəmbərin kəlamlarının — əhəmiyyəti böyükdür. Qurani-Kərimdə dəfələrlə “Allaha və Peyğəmbərinə itaət edin” ifadəsi yer alır ki, bu da bir mənalı şəkildə Allahın kəlamı olan Quranla yanaşı, Peyğəmbərin kəlamı olan hədisə də eyni əhəmiyyət verildiyini göstərir. Başqa cür ola bilməz, çünki peyğəmbərlərin söylədikləri, Allahın iradə və əmrləridir. Allah, Peyğəmbərinə mələk vasitəsilə, birbaşa və ya hər hansı digər yolla çatdırdığı xəbərlər vasitəsilə insanları doğru yola yönəldir. Buna görə də, İslam dinində qəbul olunan əsas dini mənbələr — Quran və Sünnənin mövcudluğu — həm məntiqi, həm də dini baxımdan tamamilə əsaslıdır.

Sünnə yalnız Peyğəmbərin kəlamlarından (hədislərindən) ibarət deyil; eyni zamanda onun etdiyi əməllər və təsdiqlədikləri də bu kateqoriyaya daxildir. Peyğəmbərlə yanaşı, onun Əhli-beytinə də iman bəsləyən müsəlmanlar, məsumların — yəni Hz. Məhəmməd başda olmaqla on dörd məsumun — bütün kəlamlarını, əməllərini və təsdiqlərini Sünnə daxilində qəbul edirlər. Bu inancın əsasını da Quran ayələri, Peyğəmbərin sözləri, əməlləri və təsdiqləri təşkil edir. Çünki İmam Əli və Fatimeyi-Zəhradan tutmuş İmam Mehdiyədək olan bütün məsumların söylədikləri, Peyğəmbərin kəlamları və onun öyrətdikləridir. Bu kəlamlar zamanla açıqlanmış və inkişaf etdirilmişdir. Onlar, nəticə etibarilə, Rəsulullahın sözlərinin bir təcəssümüdür və bu səbəbdən heç bir zaman Peyğəmbərdən fərqli bir hədis söyləməmişlər. Bu mövzu ilə bağlı dini ədəbiyyatda geniş məlumat mövcuddur, lakin biz burada yalnız əsas fikirləri müzakirə edəcəyik.

Quranın, hədisin və dinin tarixi

Bu tarixlər eyni zamanda, hətta birgə həyat tapır. Belə ki, İslam Peyğəmbərinə ilk vəhyin gəlməsi, yəni ilk ayənin nazil olması ilə bu dinin tarixi başlayır. Hədisin başlanğıc nöqtəsi də məhz bu andan formalaşır. Çünki Hz. Məhəmməd peyğəmbərliyə seçildiyi gündən etibarən, ilk ayənin nazil olmasıyla onun bütün sözləri və davranışları hədis sayılır. Peyğəmbərə nazil olan ayələrlə paralel olaraq, onun İslam, vəhy və öz risaləti barədə söylədikləri də qeyd edilirdi. Bu baxımdan, Quran və hədisin tarixi birgə inkişaf etmişdir. Tarixi mənbələrdə Quran katibləri ilə yanaşı, hədis katiblərinin də mövcudluğuna dair məlumatlar yer alır. Məsələn, Hz. Əli İslamın ilk illərindən etibarən həm Quranın, həm də hədislərin katibi olmuşdur.

1-ci dərsin sualları:

1. Quranda “Allaha və Peyğəmbərinə itaət edin” ifadəsinin qeyd olunması hədislərin hansı məqamını vurğulayır?

2. Məsum imamlar kimlərdir və onların kəlamlarının Sünnə daxilində qəbul edilməsinin əsas səbəbi nə ilə izah olunur?

3. Quran və hədisin tarixinin eyni vaxtda başlamasına səbəb nə olmuşdur?