DİN FƏLSƏFƏSİ
Namiq Babaxanov
1-ci yazı
GİRİŞ
Din fəlsəfəsinin mənşəyi, predmeti və metodları
Din fəlsəfəsindən bəhs etməzdən əvvəl “din”, “fəlsəfə” və “din fəlsəfəsi” anlayışlarının dəqiq izahı zəruridir. Bu anlayışların mahiyyətinin aydınlaşdırılması din fəlsəfəsinin məqsəd və metodlarını düzgün müəyyənləşdirməyə imkan verir.
Din anlayışı və onun mahiyyəti
Tarix göstərir ki, insan var olduğu andan etibarən inanmaq ehtiyacı ilə yaşamışdır. Müxtəlif dinlərin mövcudluğu sübut edir ki, insan yalnız rasional düşüncə ilə kifayətlənmir; o, eyni zamanda mənəvi dayaq, mənalandırma və istiqamətləndirmə tələb edən bir inanca ehtiyac duyur.
Din, ümumi mənada, insanın varlıqla münasibətini müəyyənləşdirən, həyatın mənası, insanın mənşəyi və aqibəti barədə cavablar təqdim edən, eyni zamanda davranış üçün norma və meyarlar müəyyən edən sistemdir. Başqa sözlə, din — etiqad, əxlaq və hüquqi-əməli göstərişlərdən ibarət olan və insanı səadətə istiqamətləndirməyi hədəfləyən praktik bir həyat proqramıdır. Din müxtəlif nəzəri ənənələrdə fərqli şəkildə izah olunmuşdur:
- teoloji yanaşma dinin mənşəyini vəhylə,
- sosioloji yanaşma ictimai tələbatla,
- psixoloji yanaşma insanın mənəvi ehtiyacları ilə,
- fəlsəfi yanaşma isə dinin rasional əsasları və həqiqət iddiası ilə əlaqələndirir.
Dinin funksiyaları
Din yalnız inanclar toplusu deyil; o, insanın dünyagörüşünə, əqidəsinə, davranışına və sosial münasibətlərinə yön verən sistemli strukturdur, əslində özü bir dünyagörüşüdür. Dinin əsas funksiyalarını aşağıdakı kimi ümumiləşdirmək olar:
- Mənalandırma funksiyası – həyatın mənası, ölüm və axirət, xeyir və şər haqqında cavablar verir.
- Əxlaqi funksiyası – insanın davranışını tənzimləyən dəyərlər və normativ prinsiplər təqdim edir.
- Sosial funksiyası – ictimai həmrəyliyi, nizam və məsuliyyət hissini gücləndirir.
- Mənəvi-psixoloji funksiyası – ümid, səbir, təskinlik və mənəvi dayaqlar formalaşdırır.
Beləliklə, din insanı həm əqidə, həm də əməl baxımından islah etməyi, onu dünya və axirət səadətinə hazırlamağı hədəfləyir, məhz buna görə də insan həyatının bütün sahələrini əhatə edir.
Din və fəlsəfə: qarşılıqlı münasibət
Fəlsəfə, ən ümumi mənada, varlığın, bilginin və dəyərin əsaslarını araşdıran intellektual fəaliyyətdir. Fəlsəfə hadisələri yalnız təsvir etmir; onların səbəblərini, məqsədlərini və məntiqi əsaslarını sorğulayır. Bu baxımdan din və fəlsəfə arasında iki istiqamətli münasibət mövcuddur:
- Din insanın varlıq, mənşə və aqibət barədə suallarına cavab verir;
- Fəlsəfə isə bu cavabların rasional əsaslı olub-olmadığını, məntiqi ardıcıllığını və iddia etdiyi həqiqət dərəcəsini yoxlayır.
Din fəlsəfəsinin predmeti
Din fəlsəfəsi, ümumi şəkildə, dinin əsas iddialarını fəlsəfi baxımdan araşdıran elmi sahədir. Onun başlıca sualları bunlardır:
- Tanrı anlayışı və Tanrının varlığı necə əsaslandırılır?
- Vəhyin mahiyyəti nədir və insan ağlı ilə münasibəti necədir?
- İman və bilik arasında hansı əlaqə mövcuddur?
- Dində əxlaq və azadlıq necə izah olunur?
- Din sosial həyat, siyasət və mədəniyyətlə necə əlaqələnir?
Deməli, din fəlsəfəsi yalnız təsvir etməklə kifayətlənmir; o, dində irəli sürülən iddiaların rasional əsaslarını araşdırır və onları tənqidi müstəviyə çıxarır.
Din fəlsəfəsi ilə digər elm sahələrinin fərqi
Din fəlsəfəsini aşağıdakı elm sahələrindən fərqləndirmək vacibdir, çünki bunları bəzən səhv salınıb qarışdırılır:
- İlahiyyat (teologiya): dinin öz daxilindən, vəhylə əsaslanaraq danışır.
- Sosiologiya və antropologiya: dini sosial fenomen kimi araşdırır.
- Psixologiya: dini təcrübənin psixoloji mexanizmlərini tədqiq edir.
Din fəlsəfəsi isə bütün bu sahələrdən fərqli olaraq, dinin iddialarını ağıl və fəlsəfi arqumentlər əsasında qiymətləndirir.
Din fəlsəfəsinin metodları
Din fəlsəfəsi, mövzusu etibarilə həm insan təcrübəsinə, həm mətnə, həm də məntiqi düşüncəyə bağlı olduğuna görə, tək bir metodla kifayətlənmir. O, müxtəlif elmi-fəlsəfi üsulların sintezindən istifadə edir. Bu metodların hər biri dinin müəyyən tərəfini aydınlaşdırır və birlikdə götürüldükdə daha dolğun mənzərə yaradır.
1. Analitik metod
Analitik metodun məqsədi anlayışları aydınlaşdırmaqdır.
- “Tanrı”, “vəhy”, “iman”, “möcüzə”, “qəza və qədər” kimi terminlərin məzmunu açılır,
- məfhumlar arasındakı fərqlər və əlaqələr izah olunur,
- mümkün qeyri-müəyyənliklər aradan qaldırılır.
Bu metod göstərir ki, çox vaxt mübahisə anlayış fərqlərindən doğur: insanlar eyni sözü fərqli mənalarda işlədirlər. Analitik yanaşma dini düşüncəni daha sistemli və məntiqi edir.
2. Hermenevtika (şərh və təfsir elmi)
Hermenevtika din fəlsəfəsində üç səviyyədə işləyir:
- Mətnin zahiri mənası – dil, qrammatika, kontekst.
- Tarixi-mədəni mühit – mətnin nazil olduğu və ya yazıldığı dövr.
- Dərin məna qatları – mətnin bu gün insan üçün nə demək istədiyi.
Burada məqsəd təkcə mətni oxumaq deyil, onunla “dialoq qurmaqdır”: mətn insana sual verir, insan da mətni anlayaraq cavab tapmağa çalışır. Bu, xüsusilə müqəddəs mətnlərin təhlilində əsas əhəmiyyət daşıyır.
3. Fenomenologiya (dini təcrübənin təsviri)
Fenomenologiya dinə daxildən baxmağa çalışır. O, belə suallar verir:
- İnanan insan nə hiss edir?
- Dua, ibadət, tövbə, yaxınlıq duyğusu necə yaşanır?
- Dini təcrübə insanın mənəviyyatını necə dəyişir?
Fenomenoloji yanaşma dində yalnız doktrina deyil, yaşanmış təcrübə olduğunu göstərir. Bu metod dinin psixoloji, mənəvi və varlıqla bağlı dərin laylarını təsvir edir, lakin hökm vermir — sadəcə təsvir və izah edir.
4. Dialektika
Dialektika, müxtəlif fikirlərin toqquşmasını və onların əsasında daha yetkin nəticəyə gəlmə prosesini öyrənir.
- teizm – ateizm,
- determinizm – azad iradə,
- ağıl – vəhy münasibəti,
- din – elm münasibəti
kimi mübahisələr dialektik yanaşma ilə araşdırılır.
Dialektika göstərir ki, həqiqət çox zaman birtərəfli deyil; arqumentlərin müqayisəsi yeni sintez yaradır və düşüncəni dərinləşdirir.
5. Burhan (rasional sübut və arqumentasiya)
Burhan məntiqə və rasional dəlillərə əsaslanır. Bu metodda:
- Tanrının varlığı,
- vəhydən faydalanma zərurəti,
- əxlaqi dəyərlərin əsasları,
- kainatın nizamı
kimi məsələlər məntiqi arqumentlərlə sübut və izah edilir. Burhan, yalnız imanla kifayətlənməyib, imanı ağıl ilə əsaslandırmağa çalışır. Bu səbəbdən İslam fəlsəfəsində və klassik teologiyada xüsusi yerə malikdir.
1-ci yazının sonu